FiruzaGanizada

Stress, travma, təşviş və münasibət çətinliklərinin öhdəsindən gəlmək üçün ilk addım: [Ödənişsiz Konsultasiya]

Panik atak qəfil başlayan, sürətlə şiddətlənən, başlanğıcı və sonu olan güclü qorxu və sıxıntı tutmasıdır. Təxminən 10 dəqiqə ərzində əlamətlər güclənərək pik həddə çatır, sonra adətən tədricən yox olur.

Panik atak zamanı nə baş verir?

  •           Sürətli ürək döyüntüsü,
  •           Tərləmə, titrəmə və ya əsmə,
  •           Nəfəs darlığı və ya boğulma hissi, təngnəfəslik,
  •           Sinədə ağrısı və ya sıxılma hissi,
  •           Ürəkbulantı və ya qarın ağrısı, ağızda quruluq hissi,
  •           Başgicəllənməsi, yıxılacaq və ya huşunu itirəcək kimi hiss etmək,
  •           Qeyri-reallıq hissi, ətrafın real olmadığını və ya insanın öz bədəninə yad olduğunu hiss etməsi, özünə yadlaşma hissi,
  •           İdarəetməni itirmək və ya dəli olmaq qorxusu, ölüm qorxusu,
  •           Bədəndə keyimə və ya qıcıqlanma hissi və s.

 

Panik atak keçirirsinizsə və ya atak olmadığı zamanlarda "Birdən yenidən panik atak keçirərəm", "Birdən panik atak zamanı özümə nəzarəti itirərəm, ağlımı itirərəm, dəli olaram", "Birdən infarkt olaram" kimi düşüncələrdən narahatsınızsa panik atak ehtimalına görə həyat tərzinizi dəyişib müəyyən fəaliyyətlərdən və yerlərdən qaçmağa başlayırsınızsa (məsələn, səyahət etməkdən və ya evdə tək qalmaqdan çəkinmək) onda bu hal panik pozuntuya çevrilib. Panik pozuntu panik atakları ehtiva edən psixi pozuntudur. Həmçinin panik pozuntunu panik atak fobiyası da adlandıra bilərik.

 

Panik pozuntuda beynimizdə hansı dəyişikliklər baş verir? Panik pozuntu zamanı beyin yanlış həyəcan siqnalı verir. Ümumiyyətlə insan beynində xarici təhlükələrə qarşı həyəcan siqnalı var. Bu sistem müxtəlif xarici stimullarla işləyir və xarici təhlükələr qarşısında özümüzü qorumağa və həyatımızı davam etdirməyə kömək edir. Beynimizdəki bu sistemə qorxu sistemi də deyilir. Əslində qorxunu bədənimizin xarici təhlükələrə təbii reaksiyası, təbii dərman kimi düşünə bilərik. Çünki qorxu halında bədəndə adrenalin dediyimiz maddə ifraz olunur. Adrenalin bədəni sürətləndirir və xarici təhlükələrdən qurtulmağa kömək edir. Çünki insan xarici təhlükədən 3 reaksiya ilə, ya qaçmaqla, ya döyüşməklə, ya da donaraq xilas olur. Qorxu sistemi və adrenalin bizi vəziyyətdən asılı olaraq bu 3 reaksiyaya hazırlayır. Amma bəzən real xarici təhlükə olmadan beynimiz müxtəlif daxili (düşüncələr, bədən hissləri) və ya xarici amillər (müəyyən mühitlər) səbəbindən təhlükə varmış kimi yalançı həyəcan siqnalları verir. Xüsusən də stressli bir dövr keçirirsinizsə və genetik meyliniz varsa hər hansına simptoma qarşı həssas olursunuz, zehniniz daim o simptomu araşdırır və hər dəfə o simptomu aşkar etdikdə panik atak başlayır.


Panik ataklar günün istənilən vaxtında baş verə bilər. Ancaq xüsusilə tək olduğunuz və öz bədəninizə və düşüncələrinizə daha çox fokuslandığınız zaman daha tez-tez olur. Ümumiyyətlə panik pozuntusu olan insanlar adətən tək olduqları zaman, istirahət edərkən və ya yuxuya getməzdən əvvəl panik atakla qarşılaşırlar. Axşam və ya gecə saatlarında panik atakların daha tez-tez yaşanması, insanın gecələr özü ilə tək qalması və diqqətini bədəninə daha çox yönəltməsi ilə əlaqədardır.

 

Panik pozuntunun səbəbləri müxtəlifdir. Səbəblər arasında mövcud hadisələr, stres, psixoloji və fiziki meyl faktorları və s. var. Bəzi insanlarda bədənin bioloji həyəcan sistemi daha həssasdır. Bəzi insanlarda bəzi mənfi həyat hadisələri və ya öyrədilənlər nəticəsində fiziki cəhətdən zəif və həssas olduqlarına, hər an xəstələnib öləcəklərinə dair inanclar yarana bilər. Həmçinin ən çox rast gəlinən səbəblər arasında stres: İş stresi, məktəbə başlamaq, evlənmək, köçmək, iqtisadi stress, münasibətlərinizdə problemlər vae.

Panik pozuntu ümumiyyətlə gərgin və çox həyəcan keçirən insanlarda, mükəmməllikçi və ya asılı şəxsiyyət xüsusiyyətlərinə sahib olanlarda rast gəlinir. Şəxsiyyət olaraq narahat, obsesif, asılı və utancaq xüsusilətlərə sahib insanlarda panik pozuntu ehtimalının daha yüksək olduğunu göstərən tədqiqatlar var.

 

Panik atak keçirdiyini zənn edən bir adam nə etməlidir? Məsələn, yeriyirsə, yeriməyə davam etməlidir, əgər kitab oxuyursa, oxumağa davam etməlidir. Xüsusi bir şey etməyə ehtiyac yoxdur, çünki panik ataklar normal olaraq öz-özünə keçir. İnsan o anda nə edirsə, etməyə davam etdiyi müddət ərzində panik atak keçib gedir, əgər başqa bir iş görmürsə, günün həmin saatında özünə uyğun bir məşğuliyyət seçməyi yaxşı olar.


Müalicəsi. Əsas müalicə üsulu psixoterapiya (danışıq terapiyasıdır). Panik pozuntu əslində panik atak fobiyasıdır. Fobiya bir şeydən həddindən artıq və yersiz bir qorxudur. Fobiyaların aradan qaldırılması, insanın qorxduğu şeylərə məruz qalması ilə baş verir. Buna görə də terapiyanın davranış hissəsində məqsədimiz seans zamanı insanı panik ataklara məruz qoymaq və panik atakların heç bir müdaxilə olmadan öz-özünə keçdiyini görməkdir. Bir mənada fobik olduğunuz şeyə məruz qalırsınız, qorxduğunuz şeylərin baş vermədiyini görürsünüz və yavaş-yavaş o vəziyyətə alışırsınız. Beləliklə, daimi müalicə əldə edilir.