Sosial fobiya (və ya sosial təşviş pozuntusu) yaşayan şəxslər üçün adi bir salamlaşmaq, insanlar arasında olmaq və ya topluluq qarşısında çıxış etmək beyin tərəfindən həyati təhlükə kimi qəbul edilir.
Sosial fobiya və utancaqlıq arasında fərqlər
Sosial təşviş pozuntusu (sosial fobiya) və utancaqlıq çox zaman qarışdırılsa da əslində bir-birindən fərqlənir. Utancaqlıq müalicə tələb etməyən bir şəxsiyyət xüsusiyyətidir və şəxs yeni sosial mühitdə özünü narahat hiss edir. Sosial təşviş isə şəxsin həyat keyfiyyətinə təsir edə biləcək bir həyəcan-təşviş pozuntusudur. Sosial təşvişi olan bir insan sosial mühitdə özünü həddindən artıq gərgin hiss edə bilər, lakin bəzən özünü ekstrovert və özünə inamlı kimi təqdim edər. Nəticə etibarı ilə bəzən başqaları onun narahatlığını hiss edə bilmirlər.
Utancaqlıq davamlı deyil, situasiyaya bağlıdır. Utancaq insan yeni, tanış olmayan mühitlərdə olanda daha çox utancaq hiss edir, lakin hadisəyə və ya insanlara öyrəşdikcə özünü daha rahat hiss edir. Sosial təşviş də situasiyaya bağlı ola bilər, lakin burada narahatlıq çox vaxt hadisədən əvvəl, hadisə zamanı və sonra da davam edir.
Utancaqlıq şəxsiyyət xüsusiyyətidir, tanış olmayan insanlara və məkana alışdıqda utancaqlıq aradan qalxar, utancaq insanlar daha optimistdirlər və sosial təşvişdən əziyyət çəkənlər qədər özünü tənqid etmirlər, utancaqlıla bağlı psixoterapiyaya ehtiyac yoxdur.
Sosial fobiya həyəcan-təşviş pozuntusudur, yer və insanlar tanış olsa belə sosial təşviş ya dəyişməz qala ya da pisləşə bilərş Sosial təşviş pozuntusu olan insanlar adətən pessimist olurlar və sadə hadisələri həddindən artıq təhlil etməyə meyllidirlər. Müalicə üçün psixoterapiya lazımdır.
Sosial fobiya zamanı düşüncələr
- "Mən uğursuz olacağam"
- "Bacarmasam rüsvay olacağam"
- "Yenə bacarıqsız olacağam"
- "Hamı mənə baxıb güləcək"
- "Deyəcəklərimi unudacağam"
- "Hər kəs mənim uğursuzluğum/rüsvayçılığım haqqında danışacaq"
- "Uğursuz olsam, ailəmin, müəllimimin, dostlarımın üzünə necə baxacağam"
- "Birdən düzgün hesab etdiyim cavablar səhvdirsə və ya səhv xatırlayıramsa, onda nə olacaq?"
- "Doğruluğuna əmin olana qədər danışmamalıyam"
Fizioloji simptomlar:
- Əllərdə və səsdə titrəmə, kəkələmə, dil sürüşmələri
- İstiliklə əlaqəli olmayan tərləmə
- Hər zaman özünü xəstə hiss etmək, xroniki mədə ağrıları və ya baş ağrıları
- Ürək döyüntüsünün artması
- Ağızda quruluq
- Üzdə və ya bədəndə keyimə
və S.
Davranış Simptomları:
- Məktəbə və ya işə getməmək
- Tez-tez xəstəlik bəhanəsi ilə evdən çıxmamaq
-Arxa planda qalmaq, heç bir fəaliyyətdə fərqlənməmək
- Özünü təcrid etmək
-Məsuliyyət götürməməyə
çalışmaq
Sosial Fobiyası olanlar üçün çətindir...
- İnsanların qarşısında çıxış etmək
- İnsanların qarşısında işləmək və ya yazı yazmaq
- İnsanların qarşısında yemək və ya içmək
- Diqqət mərkəzində olmaq
- İnsanlar arasında kiməsə sual vermək və ya cavab vermək
- Telefonla danışmaq vs.
Səbəblər
Bir çox digər psixi
narahatlıqlar kimi, sosial təşviş pozuntusu da bioloji və ətraf mühit amillərinin
kompleks qarşılıqlı təsirindən yaranır. Psixoloji səbəblər daha çox idarəedici,
qoruyucu, emosional istilik az olan ailədə böyümək ola bilər. Həmçinin uşaqlıq,
yeniyetməlik dövründə utandırılma, bullingə məruz qalmaq səbəblər
arasındadır.
Müalicə
Sosial təşviş bir xarakter xüsusiyyəti deyil,
müalicə oluna bilən bir vəziyyətdir. Müalicəsi psixoterapiya vasitəsilə
aparılır. Terapiya ilə sosial fobiyaya səbəb olan qeyri-funksional düşüncələri
yenidən tənzimləmək mümkündür.