FiruzaGanizada

Stress, travma, təşviş və münasibət çətinliklərinin öhdəsindən gəlmək üçün ilk addım: [Ödənişsiz Konsultasiya]

Bədən dismorfik pozuntusu zamanı şəxs, görünüşündə daim qüsurlar axtarır və ya kiçik, başqaları tərəfindən görülməyən qüsurlar haqqında davamlı olaraq düşünməyi dayandıra bilmir. Nəticədə artan utancaqlıq və narahatlıq halları ilə dismorfik pozuntuya sahib şəxs özünü digərlərindən və sosial mühitlərdən təcrid edir.

Bədən dismorfik pozuntuya sahib şəxs hər gün bir neçə saat ərzində təkrar-təkrar güzgüyə baxır, üzə qulluq aparır və ya görünüşüylə bağlı başqalarından təsdiq almağa çalışır.

Şəxs özündə gördüyü qüsuru "düzəltmək" üçün çoxsaylı estetik əməliyyatlara və ya kosmetik prosedurlara müraciət edir. Bundan sonra müvəqqəti məmnunluq və ya sıxıntının azalması hiss edilsə də, bir müddət sonra narahatlıq geri qayıdır və hiss edilən qüsuru düzəltmək üçün şəxs başqa yollar axtarmağa davam edir.

Bədənin dismorfik pozuntunun əlamətləri və simptomlarına aşağıdakılar daxildir:

  • Xarici görünüşdə başqalarına görünməyən və ya kiçik görünən bir qüsurla son dərəcə məşğul olmaq
  • Görünüşündə onu çirkin edən bir qüsurunun olduğuna dair güclü inam
  • Başqalarının onun xarici görünüşünü bəyənmədiyinə və ya onu ələ saldığına inanmaq
  • Tez-tez güzgüyə baxmaq, kosmetik prosedurlar və estetik əməliyyatlara müraciət etmək ehtiyacı
  • “Qüsurlarını” makyaj və ya paltarla gizlətməyə çalışmaq
  • Daim xarici görünüşünü başqaları ilə müqayisə etmək
  • Tez-tez başqalarından görünüşü ilə bağlı arxayınlıq axtarmaq
  • Mükəmməllik meyllərinin olması
  • Sosial mühitlərdən qaçmaq

Görünüşlə məşğul olmaq, həddindən artıq düşüncələr və təkrarlanan davranışlar sosial həyat, iş, məktəb və ya digər fəaliyyət sahələrində böyük narahatlıq və ya problemlər yarada bilər.

 

Səbəbləri:

BDP-nin tək bir səbəbi yoxdur, bioloji, psixoloji və ətraf mühit faktorlarının kəsişməsində yaranır.

Ən çox rast gəlinən səbəblər: ailə üzvlərində obsessiv-kompulsiv pozuntu və ya BDP olan şəxsin olması (risk daha yüksəkdir).Uşaqlıq Travmaları: Uşaqlıqda xarici görünüşlə bağlı lağ edilmək, zorakılığa məruz qalmaq və ya valideynlərin xarici görünüşə həddindən artıq önəm verməsi tətikləyici ola bilər.

Müasir gözəllik standartları və sosial mediyanın yaratdığı "mükəmməllik" təzyiqi bu pozuntunun şiddətlənməsinə səbəb olur.

Bədən dismorfik pozğunluğu adətən erkən yeniyetməlik illərində başlayır və həm kişilərdə, həm də qadınlarda özünü göstərir.


Müalicə 

BDP-nin müalicəsində ən effektiv üsul Koqnitiv Davranış Terapiyası və zəruri hallarda dərman dəstəyidir.

Psixoterapiya zamanı pasiyentin xarici görünüşü haqqındakı təhrif olunmuş inancları (Məs: "Burnum belədirsə, mən eybəcərəm") müəyyən edilir və daha sağlam düşüncələrlə əvəz olunur. Məqsəd qüsur haqqında yanlış inancı düzəltmək və kompulsiv davranışı minimuma endirməkdir. Həmçinin insanın öz fiziki xüsusiyyətlərini mühakimə etmədən qəbul etməsi və diqqətini xarici görünüşdən həyatın daha dəyərli sahələrinə (məqsədlər, münasibətlər) yönəltməsi üzərində işlənilir. Müalicənin uğurlu olması üçün ailə dəstəyi də vacibdir. Ailə üzvlərinin bədən dismorfik pozuntunu anlaması və əlamətlərini tanımağı faydalıdır.

 

Bədən dismorfiyası bir "kapriz" və ya sadəcə "özünü bəyənməmək" deyil. Bu vəziyyət yüksək depressiya və özünə zərər vermək riski daşıyan bir pozuntudur. Estetik cərrahiyyə bu problemin həlli olmur, əksinə düşüncələrin artması və vəziyyətin ağırlaşmasına səbəb olur. Əsl sağalma halı zehndəki görüntünün dəyişməsi və özünə qarşı şəfqətin inkişaf etdirilməsi ilə başlayır.

Unutmayın, bəzən ən böyük "qüsur" güzgüdə deyil, beynimizin bizə tutduğu qərəzli güzgüdədir.